Prokurorluq əməkdaşları Çin Xalq Respublikası üzrə təlim turunda iştirak ediblər

Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşə hazırlığının yüksəldilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında” imzalanmış Anlaşma Memorandumunun icrası məqsədilə 2025-ci ilin aprel ayının 20-dən 28-dək prokurorluq əməkdaşları Çin Xalq Respublikasına səfər edərək Çin Prokurorluğunun təşkil etdiyi təlimdə iştirak ediblər. Azərbaycan Respublikasının nümayəndə heyətində Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Rail Bayramlı, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Orxan Rzayev, Elm-Tədris Mərkəzinin şöbəsinin böyük prokuroru Nigar Əskərova, Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəis müavini Rüstəm Ələsgərov və digər prokurorlar təmsil olunublar.
Çinin Tianjin vilayətinin prokuroru Fenq Çau nümayəndə heyətini səmimi salamlayaraq tarixən xalqlarımız arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, 2024-cü ilin sentyabr ayında Bakıya səfəri və iştirakçısı olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının möhtəşəm təşkil edildiyini qeyd edib. Rail Bayramlı yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Baş prokuror cənab Kamran Əliyevin salamlarını çatdırıb, ölkələrimiz arasındakı sıx münasibətlərin təzahürü olaraq müxtəlif səviyyələrdə intensiv qarşılıqlı səfərlərin baş tutduğunu bildirib. Görüş zamanı həmkarlar arasında səmərəli fikir mübadiləsi aparılıb.
Daha sonra əməkdaşlıq proqramı çərçivəsində növbəti günlərdə cinayət işləri üzrə beynəlxalq hüquqi əməkdaşlıq, elektron sübutlar, kibercinayətkarlıq, məhkəmələrdə prokurorun rolu və cinayət prosesinin rəqəmsallaşdırılması mövzularında seminarlar, qarşılıqlı müzakirələr, həmçinin Çin Xalq Respublikasının Baş Prokurorluğu, Pekin, Tianjin və Xepinq prokurorluqlarının inzibati binaları ilə yaxından tanışlıq keçirilib.
Görüşlər zamanı Elm-Tədris Mərkəzini təmsil edən Nigar Əskərova ingilis dilində Azərbaycan Prokurorluğunun fəaliyyət istiqamətləri, Baş Prokurorluğun struktur qurumları, eləcə də  prokurorluğun fəaliyyətinin rəqəmsallaşdırılması və cinayətkarlığa qarşı mübarizə sahələrində mövcud müsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə təqdimatla çıxış edib, Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Suad Qəhrəmanova və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı isə Çin həmkarlarına çalışdıqları struktur qurumlar haqqında məlumatlar veriblər.
Nigar Əskərovanın təşəbbüsü ilə Çin Baş Prokurorluğunun Milli Prokurorlar Kolleci və Azərbaycan Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun bağlanmasına dair danışıqlar aparılıb.
Təlim turu çərçivəsində iştirakçılar üçün mədəni tədbirlər proqramı təşkil edilib və təlimi uğurla başa vurmuş prokurorlar müvafiq sertifikatlarla mükafatlandırılıb.
Təlim turundan vətənə qayıdan prokurorluq işçiləri Baş prokuror cənab Kamran Əliyevin qəbulunda olaraq, səfər zamanı əldə olunan səmərəli təcrübə barədə məruzə ediblər.