Elm-Tədris Mərkəzinin əməkdaşları DİN-in Polis Akademiyasında keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak ediblər
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 23.04.2025-ci il tarixdə MDB iştirakçıları olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun təşkilatçılığı ilə keçirilmiş “MDB iştirakçıları olan dövlətlərin səlahiyyətli orqanlarının ekspert-kriminalistik fəaliyyətinin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov, şöbə rəisi Nigar Qələndərli və şöbə prokuroru Ruslan Ağayev iştirak ediblər.
Tədbirdə yerli qonaqlarla yanaşı, Rusiya Federasiyasının, Özbəkistan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Qırğız Respublikalarının kriminalistik-ekspertiza sahəsində çalışan mütəxəssisləri, eləcə də ali təhsil müəssisələrinin professor-müəllim heyəti və digər qurumların nümayəndələri iştirak ediblər.
Konfransda MDB-yə üzv dövlətlərin transmilli cinayətkarlıqla mübarizə, cinayətkarların axtarışı ilə bağlı əməliyyat tədbirləri, həmin sahədə informasiya texnologiyalarından istifadə edilməsi, istintaq zamanı ekspert-kriminalistik fəaliyyət, məhkəmə ekspertizasının istiqamətləri və sair məsələlər üzrə məruzələr dinlənilib.
Tədbir çərçivəsində konfrans iştirakçıları Polis Akademiyasının kriminalistik poliqonu və avadanlıqları ilə tanış olublar, mövzular ətrafında müzakirələr aparılıb.