Baş Prokurorluğun nümayəndəsi Moldovanın Kişinyov şəhərində kibercinayətkarlıqla mübarizəyə həsr edilmiş regional seminarda iştirak edib
Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənməsi və əldə olunan biliklərin praktiki fəaliyyətə tətbiqi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşlarının müxtəlif yerli və beynəlxalq təlim kurslarında, treninqlərdə, o cümlədən regional və beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
Belə tədbirlərin davamı kimi, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi, baş ədliyyə müşaviri Əmir Ocaqverdiyev 24-25 aprel 2025-ci il tarixlərində Moldovanın Kişinyov şəhərində keçirilmiş “Kibercinayətkarlıq və elektron sübutlar üzrə hüquq-mühafizə və məhkəmə təlimi strategiyaları və təcrübələri” mövzusunda regional seminarda iştirak edib.
Tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə həyata keçirdiyi “CyberEast+” layihəsi çərçivəsində təşkil olunub. Seminarda Azərbaycanla yanaşı, digər Şərq Tərəfdaşlığı ölkələrinin hüquq-mühafizə və məhkəmə təlim institutlarının nümayəndələri, həmçinin kibercinayətkarlıq sahəsində ixtisaslaşmış təlimçilər iştirak edib.
Tədbir zamanı iştirakçılar kibercinayətkarlıq və elektron sübutlar üzrə təlim ehtiyaclarının qiymətləndirilməsi, təlim strategiyalarının hazırlanması və həyata keçirilməsi metodologiyası, Avropa Şurasının təqdim etdiyi təlim materialları və standartları, eləcə də təlimçi heyətinin formalaşdırılması və uzunmüddətli təlimin davamlılığının təmin olunması məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.
Seminar çərçivəsində interaktiv sessiyalar keçirilib, iştirakçılar qrup şəklində praktiki tapşırıqlar yerinə yetirib, region ölkələri arasında təlim sahəsində əməkdaşlığın inkişafı üçün razılaşdırılmış prinsiplər müəyyən edilib.
Əldə olunan bilik və təcrübələrin gələcəkdə prokurorluq əməkdaşlarının peşə hazırlığında və kibercinayətkarlıqla mübarizə sahəsində tətbiqi nəzərdə tutulur.