Azərbaycan Dövlət İqtisad Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu ali təhsil və ixtisaslaşmış tədris müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasına, tələbələrin peşəkar işçi kimi formalaşmasına xüsusi diqqət yetirir. Bu cür əlaqələr tədris prosesində tələbələrin ilkin peşə biliklərinin mənimsənilməsinə təkan verməklə, prokurorluq işçilərinin elmi yaradıcılıqla məşğul olmasına imkan yaradır.
Sözügedən sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Baş prokurorunun razılığı ilə cari il aprelin 30-da Azərbaycan Dövlət İqtisad Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu Universitetin rektoru, professor Ədalət Muradov və Mərkəzin rəisi Talıb Cəfərov tərəfindən imzalanıb.
Memorandum yeni ixtisaslaşmalar üzrə mütəxəssislərin hazırlanmasında prokurorluq işçilərinin iştirakını, tərəflərin rəqəmsal ekspertiza, kiber təhlükəsizlik və digər maddi-texniki imkanlarından istifadə olunmasını, birgə elmi-praktiki araşdırmaların aparılmasını, metodik materiallara və elmi əsərlərə rəy və tövsiyələrin verilməsini, birgə nəşrlərin hazırlanmasını, innovativ tədris metodikası üzrə təcrübə mübadiləsini və sair məsələlərin həllində tərəflərin qarşılıqlı fəaliyyətini nəzərdə tutur.
İmzalanma mərasimi çərçivəsində keçirilmiş görüşdə Universitetin rəhbər işçiləri, Mərkəzin rəis müavini Səbuhi Şahverdiyev, şöbə rəisləri Nigar Qələndərli və Ramin Camalov, eləcə də Maddi-texniki təminat şöbəsinin sektor müdiri Sabir Məmmədov iştirak edərək, tərəflər arasında pedaqoji fəaliyyət sahəsində təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, 1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-də 13 fakültə fəaliyyət göstərir, 25 bakalavr proqramı, 94 magistr proqramı, 14 doktorantura proqramı ixtisas üzrə 21 mindən çox təhsilalan var, onlardan 450-dən çoxu əcnəbidir. UNEC-in tədris prosesini 738 nəfərdən ibarət professor-müəllim heyəti həyata keçirir.