Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Baş Prokurorluq birgə respublika elmi-praktiki konfrans keçirib
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli 432 nömrəli Sərəncamı ilə Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi ilə əlaqədar dövlət qurumlarında, o cümlədən prokurorluq orqanlarında yüksək qürur hissi ilə silsilə tədbirlər həyata keçirilir.
XX əsrin sonunda üzləşdiyimiz dövlət böhranına, iqtisadi çətinliklərə, torpağımızın 20 faizinin işğalına, əhalimizin 15 faizinin yaşadığı ərazilərdən didərgin düşməsinə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin müdrik liderlik siyasəti ilə qısa müddətdə ölkəmiz əsl mənada müstəqil dövlətə çevrilmiş, onun rəhbərliyi ilə hazırlanmış və xalqımız tərəfindən referendumla qəbul edilmiş Konstitusiyamız çox mütərəqqi müddəaları özündə əks etdirir.
Xalqımızın Ümummilli Liderinin layiqli davamçısı olan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə vətənimizin igid oğulları hesabına dövlətimiz öz suverenliyini tam bərpa edərək müstəqilliyi əsirlərlə hesablanan dövlətlərlə bir sırada durub, dünyada söz sahibi olub.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın memarlığı ilə aparılan quruculuq prosesi artıq öz bəhrəsini verməkdədir, vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdırlar, ölkəmiz çiçəklənir, abadlaşır, dövlətimizin turizm potensialı günbəgün artır. Bu səbəbdən də “Konstitusiya və Suverenlik İli” hər yerdə təntənə ilə qeyd edilir.
Aprel ayının 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Baş Prokurorluğun, Vəkillər Kollegiyasının, eləcə də Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə “Konstitusiya milli iradənin və suverenliyin təzahürü kontekstində: yeni reallıqlar və strateji hədəflər” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.
Tədbiri açıq elan edən Akademiyanın rektoru, hörmətli akademik Urxan Ələkbərov qonaqları salamlayıb, ölkəmizdə aparılan geniş miqyaslı işlər barədə bəhs edib.
Konfransda salamlama nitqi ilə çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov tədbir iştirakçılarını təmsil etdiyi qurum tərəfindən qanunların Konstitusiyaya uyğunlaşdırılması sahəsində görülmüş işlər haqqında, eləcə də Akademiya və Mərkəz arasında formalaşmış əlaqələr barədə geniş məlumat verib, Mərkəzin şöbə prokuroru Ruslan Ağayev isə mövzu ətrafında məruzə ilə çıxış edib.