Bakı Dövlət Universitetinin tələbələri üçün Baş Prokurorluqda “Gələcəyin hüquqşünasları ilə görüş” adlı tədbir keçirilib

Gələcək hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə böyük marağını nəzərə alaraq, Baş Prokurorluq tərəfindən tələbələr üçün silsilə tədbirlər həyata keçirilir.
Növbəti tədbir 16 aprel 2025-ci il tarixində Baş Prokurorluğun inzibati binalar kompleksində Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə baş tutub.
Tədbir zamanı tələbələri Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli müşayiət edib.
Görüş zamanı Mərkəzin baş mütəxəssisi Cahandar Quluzadənin təqdimatı ilə prokurorluğun tarixinə ekskurs edilərək onun fəaliyyətinə Ulu Öndər Heydər Əliyevin göstərdiyi unudulmaz töhfəsi diqqətə çatdırılıb, prokurorluq fəaliyyətinin istiqamətləri izah edilərək dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşmış müasir Azərbaycan Prokurorluğunun sistemi və Baş Prokurorluğun struktur qurumları barədə ətraflı məlumat verilib.
Mərkəzin şöbə prokuroru Məhərrəm Əzizbəyov istintaq təcrübəsindən misallar gətirərək gələcək hüquqşünasları prokuror fəaliyyətinin incəlikləri ilə tanış edib.
Mərkəzin böyük məsləhətçisi Rafiq Quliyev isə tələbələri tətbiq edilən informasiya texnologiyaları ilə tanış edərək onların funksional təyinatı və texniki imkanları barədə məlumat verib.
Tədbir çərçivəsində tələbələr Ümummilli Liderin guşəsini və Vətən Müharibəsi qalereyasını ziyarət ediblər, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Anar Mirkişiyevin və Kriminalistika və informasiya texnologiyaları idarəsinin böyük prokuror-metodisti Ayaz Qayıbovun müşayiəti ilə tədbir iştirakçıları prokurorluq əməkdaşlarının iş şəraiti ilə, istintaq otaqları və arxivi ilə, müxtəlif təyinatlı auditoriyalarla, kitabxanalarla, Konfrans zalı ilə, kriminalistik avtomobil və avadanlıqlarla əyani şəkildə tanış olublar.
Tədbirin sonunda xatirə fotosu çəkilib, tələbələrin təəssüratları dinlənilib. Tələbələrin bir qismi gələcəkdə prokurorluq orqanlarına qulluğa qəbul olunmasına arzu etdiklərini ifadə ediblər.
Bu cür təlim səfərləri Hüquq fakültəsi tələbələrinin nəzəri biliklərinin praktiki müstəvidə möhkəmləndirilməsi, eyni zamanda hüquq mühafizə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaları baxımından mühüm əhəmiyyət daşıyır.