Həbs qətimkan tədbirinin seçilməsinin real əsasları və hüdudları seminarın tədris mövzusu olub

Azərbaycan Prokurorluğunun aidiyyəti orqanları tərəfindən istintaq edilən cinayət işləri üzrə insan hüquq və azadlıqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır, yalnız Cinayət-Prosessual Məcəlləsində göstərilən real əsas və səbəblər mövcud olduğu təqdirdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında məhkəmələrə vəsatət və təqdimatlarla müraciət edilir.
Digər hallarda isə başqa növ qətimkan tədbirlərinin tətbiqinə üstünlük verilir və bu sahədə işçilərlə mütəmadi olaraq təlimatlandırıcı tədris tədbirləri həyata keçirilir.
2025-ci ilin 28 və 29 aprel tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən tədqiqat materiallarından istifadə edilərək prokurorluğun 83 müstəntiqi üçün “Həbs qətimkan tədbirinin seçilməsinin real əsasları və hüdudları” mövzusunda Zoom proqramı vasitəsi ilə onlayn rejimdə seminar keçirilib.
Mühazirə, təqdimat və dəyirmi masa formatında təşkil edilmiş bu seminarda dinləyicilərə həbs və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiqi standartları və prinsipləri, təqsirsizlik prezumpsiyası, həbsdə saxlanılma müddətinin uzadılması standartları, həbs edilmiş şəxs barəsində istintaq hərəkətlərinin xüsusatları, eləcə də digər əlaqəli məsələlər tədris edilib.
Seminar zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərərək onları maraqlandırılan suallar Mərkəzin, habelə Baş Prokurorluğun İstintaq və Dövlət ittihamının müdafiəsi üzrə idarələrinin təcrübəli işçiləri tərəfindən ətraflı cavablandırılıb.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli 432 nömrəli Sərəncamı ilə cari ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı maarifləndirici çıxışlar edilib.