Ədliyyə işçiləri üçün “Korrupsiya hüquqpozmalarına qarşı cinayət-hüquqi mübarizənin xüsusiyyətləri” mövzusunda birgə təlimlər keçirilib

2025-ci ilin 17 və 28 aprel tarixlərində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ədliyyə işçiləri üçün “Korrupsiya hüquqpozmalarına qarşı cinayət-hüquqi mübarizənin xüsusiyyətləri” mövzusunda Akademiyada təlimlər keçirilib.
Təlimlərə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Məhkəmə Ekspertizası Mərkəzinin, Tibb baş idarəsinin və qeydiyyat şöbələrinin əməkdaşları, icra və probasiya məmurları, eləcə də İstintaq idarəsinin müstəntiqləri, ümumilikdə 96 dinləyici cəlb olunub.
Tədbir çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorları Kamil Kamilli, Nicat Nağıyev və Fərid Qarakişiyev ədliyyə sahəsində baş verən korrupsiya hüquqpozmalarının xarakterik xüsusiyyətləri, maraqların toqquşmasının qarşısının alınması və etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin əhəmiyyəti və bu sahədə beynəlxalq təcrübə barədə məlumatları dinləyicilərin diqqətinə çatdırıblar.
Həmçinin təlimlər zamanı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan prioritet istiqamətlər, korrupsiya barədə daxil olan müraciətlərə baxılması qaydası, habelə korrupsiya barəsində məlumat verən şəxslərin müdafiəsi məsələləri müzakirə olunub.